Son illər Türkiyənin demək olar ki, bütün bölgələrindən insanlar qış aylarında Qarsa axışır. Onların çox gənclərdir. Artıq Türkiyədə gənclər arasında zarafata çevrilən belə deyimlər meydana gəlib: “Qarsa getməyənə pis baxırlar”, “Bəs sən instaqramda Qarsda olan şəklini paylaşmısan?” və s... Türkiyəli gəncləri Qarsa cəlb edən “Doğu Ekspressi” adlı qatardır. Ankaradan yola düşən bu qatar ölkənin demək olar ki, bir ucundan o biri ucuna 24 saatlıq səfərdən sonra Qarsa çatır. Bir neçə ildir ki, “Doğu Ekspressi” Türkiyədə populyardır. Bu populyarlıq isə sosial şəbəkələr sayəsində mümkün olub.

Otel sahibi: Bizim sərmayəmiz qar oldu...

Qarsda qaldığım “Kent Ani” otelinin sahibi Hikmət Abay deyir ki, Qars turizmin inkişafını gənclərə borcludur. İllərlə dövlət qurumlarının, bələdiyyələrin, turizm şirkətlərinin edə bilmədiyini gənclər instaqramla etdi. Hikmət Abay Qarsda doğulub. “Mən gözümü açandan, 50-60 ildir ki, “Doğu Ekspressi” Qarsa gəlir. Burda qar da həmişə yağırdı. Hətta əvvəllər 3 metr qalınlığında yağırdı, indi 15 santimetr yağır. Amma heç kimi cəlb etmirdi. Deməli, indi bu qatarla gələn insanlar fərqlidir. Biz əslində turist cəlb etmək üçün bir şey etmədik, bizim sərmayəmiz qar oldu”- Hikmət Abay belə deyir. Həqiqətən də qış aylarında Qarsa gələn yerli turistlərin sayı kəskin artır. Hətta “Doğu ekspressi” adlı qatara bilet tapmaq belə çətin olur. Bu qatarın isə heç bir özəlliyi yoxdur. “Doğu ekspressi” trendi də gənclərin yaratdığı bir dəbdir. Adi qatar kupelərini bəzəyərək, musiqi və əyləncə ilə uzun yolçuluğu maraqlı, unudulmaz xatirələrə çevirmək, bunu sosial şəbəkələrdə paylaşmaq, nəticədə başqa izləyicilərin də eyni səfərə həvəslənməsi, milyonlarla insanın Qarsa axını... Qarsda qış turizmi möcüzəsinin sadə mexanizmi bundan ibarətdir.

Bakıdan Qarsa necə getməli?

Qarsa üz tutan turistlərin əksəriyyəti Türkiyə vətəndaşlarıdır. Amma bu şəhərdə azərbaycanlılar üçün maraqlı olan çox şey var. Bu şəhərə Bakıdan getmək üçün ən münasib yol “Bakı- Tbilisi – Qars” dəmir yolu ola bilərdi... Amma təəssüf ki, 10 ildir olmur. Mən də “Bakı – Tbilisi – Qars” dəmir yolu ilə sərnişin daşınmasının başlamasını gözləməyi düşünürdüm. Amma bu xəyalın gerçəkləşməsinin uzaqda olduğuna əmin olduqdan sonra alternativləri nəzərdən keçirdim. Ən sərfəli yolun Naxçıvandan keçdiyinə qərar verdim. Beləliklə, Bakıdan Naxçıvana, ordan isə İğdıra, daha sonra Qarsa gedib çıxdım. Marşrutum və xərclərim daha aydın şəkildə belədir:

Bakı – Naxçıvan – Bakı – təyyarə ilə 100 AZN

Naxçıvan – İğdırın mərkəzi – taksi ilə 20 AZN (Əslində Naxçıvan avtovağzalından daha ucuz qymətə avtobuslar da gedir. Lakin onlar mənzil başına daha gec çatır və bəlli qrafik üzrə hərəkət etdiyindən avtobusun çıxış saatını gözləmək lazım gəlir. Üstəlik avtobusların gömrük-keçid postunda yoxlanması çox vaxt alır. Bu səbəblərdən mən bir qədər baha olsa da, taksini seçdim. ) + dönüş 20 AZN

İğdır – Qars – avtobusla 25 TL= 9AZN + dönüş 9 AZN

Bütün bunlara hava limanından avtovağzala və Qarsda avtovağzaldan otelə gediş-dönüş xərclərini də əlavə etsək Qars səfərinin yol xərci ümumilikdə 180 manata yaxın məbləğ edir. Məncə bundan sonra bir neçə il də “Bakı-Tbilisi-Qars”ı gözləməyə dəyməz.

Otel seçimi və yeyib-içmək məsələsi...

Qars Türkiyənin ucqar bölgələrindən biri olsa da, burda otellərin xidmət səviyyəsi kifayət qədər yaxşıdır. Qışda burda otellərə tələbat yüksək olduğundan öncədən booking.com və ya digər platformalar üzərindən sifariş etməniz məsləhətdir. Mənim Qarsa getdiyim vaxt, 4-7 yanvar tarixləri Sarıkamış şəhidlərini anma tədbirləri ilə bağlı otellərin ən dolu zamanı idi. Amma buna baxmayaraq otel tapmaq çətin olmadı. Mənim seçimim 3 ulduzlu “Kent Ani” oteli oldu. Səhər yeməyi daxil olmaqla bir gecənin qiyməti 15 avro və ya 30 manata başa gəldi. Bir nəfərlik otaq kiçik olsa da rahat və təmiz idi. Türkiyədə xidmət sektorunun müsbət özəlliklərinin üzərinə qarslıların istiqanlılığı və qonaqpərvərliyi də gəldikdə, sadə, dəbdəbəsiz bir oteldə də özünüzü rahat hiss edəcəksiniz. Xüsusilə nəzərə alsaq ki, Qarsda yaşayan insanların çoxu azərbaycanlılardır, hətta azərbaycanlı olmayan insanlar da bizim ölkədən gedənlərə xüsusi rəğbətlə yanaşır.

Qars bizim üçün doğmadır. Qeyd etdiyim kimi burda çox sayda azərbaycanlı yaşayır. Onların bir çoxu indiki Gürcüstandan, Ermənistandan illər əvvəl köçüb gələnlərin övladları, nəvələrədir. Təəssüf ki, Qarsda, Ardahanda yaşayan soydaşlarımızın bəziləri özünə azərbaycanlı demir. “Biz tərəkəməyik”, “biz qarapapaq türkləriyik” kimi ifadələr işlədirlər. Bu insanların fikir, düşüncə, ən əsası məzhəb ayrılığı səbəbindən bir-birini uzaq tutması həqiqətən təəssüf doğurur. Amma buna baxmayaraq Qarsda çox aşkar hiss olunan Azərbaycan ab-havası mövcuddur. İstər yeməklərdə, istər musiqilərdə azərbaycanlıların izi var. Burda yerli mətbəx nümunələri kimi təqdim olunan yeməklər bunlardır: qaz əti, xəngəl, xəşil, əvəlik şorbası, əriştə şorbası, piti, ayran aşı və s. Bütün bu yeməklərin ən ləzzətlilərini Qarsda çox hörmət edilən azərbaycanlı ailələrdən biri olan Adıgözəl ailəsinin “Hanımeli” restoranında dada bilərsiniz. Qiymətlər bizə görə münasib sayıla bilər. Məsələn, əvəlik şorbası, bulqur plovunun üzərində qaz əti, turşular, reyhan şərbəti, Qars qatığı, çay və şirniyyatın daxil olduğu tam menyu – 75 TL= 25 AZN. Hələ üstəlik aşıq musiqisi dinləmək, aşıqların deyişməsini izləmək də havayı...

Qarsın havası

Qarsa səfər etməyin ən gözəl zamanı qışdır. Amma bu şəhərin qışı çox sərt keçir. Qars səfərini planlaşdırarkən aldığım əsas tövsiyə qalın paltarlar geyinmək oldu. Buna görə, isti, yun paltarlarımın demək olar ki, hamısını yığıb apardım Qarsa. Amma çox qorxmağa ehtiyac yox imiş. Qarsda hava olduqca sakitdir, küləksiz, şaxtalı-qarlı hava isə bizim həsrət qaldığımız, tam arzuladığımız havadır. Mənim olduğum müddətdə deyilənə görə, Qarsın ən mülayiş qış günləri imiş. -5 dərəcə şaxta yanvarda burda nadir hallarda olurmuş. Amma soyuq hiss etmədim. Buna baxmayaraq qışda Qarsa gedərkən isti paltarlar götürməkdə fayda var. Çünki mənim -5 dərəcə şaxtada rahat gəzdiyim Qarsda bir neçə gün sonra -28 dərəcə şaxta qeydə alınıb. Bunu nəzərə alın.

Qarsın görməli yerləri...

Qarsın tarixi yerləri çoxdur. Ən populyar məkanlardan biri qədim Ani şəhərinin xarabalıqlarıdır. Tarixi eradan əvvələ gedib çıxan bu şəhərin qalıqları Türkiyə - Ermənistan sərhədində, Arpaçayın kənarında yerləşir. Şəxsən mənim üçün burdakı kilsə qalıqlarından daha çox Arpaçayın qarşı tərəfi maraqlı oldu. Arpaçayın digər tərəfində bir zamanlar babalarımızın yaşadığı, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin əraziləri olan Dərələyəz mahalı yerləşir. Qarsdan bu torpaqlar çox aydın şəkildə görünür.

Bundan başqa qışda Qarsın ən çox turist cəlb edən yerlərindən biri Sarıkamış xizək mərkəzidir. Deyilənə görə, Sarıkamışda olan qar özünün kristal olmasına görə unikaldır. Burdakı qarı toplamaq, qar topu şəklinə salmaq mümkün deyil. Qarsdan təxminən 1 saatlıq məsafədə yerəşən Çıldır gölü də qışda mütləq baş çəkiləsi yerlərdən biridir. Çıldır gölü qışda donur və onun üzərində hətta atlı xizəkdə gəzmək mümkündür. Çıldır gölünün kənarında azərbaycanlıların sahibi olduğu restoranda gölün məşhur sarı balığının dadına baxmaq üçün 50 TL=17 AZN kifayətdir.

Bütün bu görməli məkanlar Qarsın şəhər mərkəzindən uzaqdır. Otellərin çoxu turizm şirkətləri ilə əməkdaşlıq edir və sizə müvafiq turlar təklif edilir. Məsələn, 70 TL=24 AZN qiyməti olan tura daxildir: Ani xarabalıqlarına səyahət, Çıldır gölündə gəzinti, Qafqaz Cəbhəsi Muzeyinə (Qanlı Tabya) baş çəkmək. Səhər tezdən oteldən sizi alan turizm şirkətinin avtobusu səfərin sonunda axşam sizi yenidən otelə qaytarır. Yolda günorta yeməyinin haqqını (biz Çıldır gölü kənarındakı restoranda yemək yedik) özünüz ödəyirsiniz.

Qafqaz Cəbhəsi Muzeyində Türk ordusunun Rusiya qoşunlarına qarşı müqavimətini əks etdirən eksponatlar, şəhid olan əsgərlərin əşyaları sərgilənir. Azərbaycanlıların çox yaxşı tanıdığı, Naxçıvanın xilaskarı Kazım Qarabəkir Paşanın məşhur “Ağ vaqonu” da bu muzeyin həyətindədir. Qarsa gəlib, bu muzeyə baş çəkmədən dönməyin. Bundan başqa Qars Muzeyi, Qars Qalası mütləq görməli olduğunuz yerlərdir.

Daha nələr?

Qars 20-ci əsrin əvvəllərində rus işğalında olub, türk ordusunun şəhəri azad etmək üçün həyata keçirdiyi Sarıkamış əməliyyatı 1914-cü ildə böyük faciə ilə yekunlaşıb. Bəzi mənbələrə görə, 90 min, digərlərinə görə 40 mindən artıq türk əsgəri, o cümlədən onlara yardıma gedən azərbaycanlılar donaraq Sarıkamışda, Allahü-əkbər dağlarında şəhid olub. Hər il yanvarın ilk həftəsinin sonunda Sarıkamışda müxtəlif anım tədbirləri keçirilir. Bu tədbirlərdən əsası isə minlərlə insanın iştirak etdiyi Allahü-əkbər dağlarındakı yürüşdür. Möhtəşəm ab-havanı hiss etmək üçün bu yürüşdə iştirak edə bilərsiniz. Əslində mənim Qarsa getməyimin əsas səbəbi məhz bu yürüşdə iştirak idi. Qarsdakı Azərbaycan konsulluğunun əməkdaşları və şəxsən baş konsul Nuru Quliyev ilə birlikdə qarlı və şaxtalı havaya baxmayaraq sona qədər 5 kilometrdən artıq məsafəni qət etdik. Yürüşün mənəvi ab-havası onsuz da havanın soyuğunu hər kəsə unutdurur. Yeri gəlmişkən, Qarsda Azərbaycan vətəndaşlarının hansısa problemlə qarşılaşması ehtimalı az olsa da, əgər belə bir hal olarsa, ölkəmizin buradakı konsulluğuna müraciət edə bilərsiniz. Konsulluq şəhərin mərkəzində yerləşir. İstənilən yerli sakin sizə Azərbaycan konsulluğunun yolunu göstərə bilər. Çünki Qarsda sadəcə bir konsulluq var, o da Azərbaycana məxsusdur.

Qarsdan ən dəyərli hədiyyə - xatirələrdir

Hər bir turist getdiyi yerdən xatirə olaraq nə isə almaq istəyir. Qarsdan ala biləcəyiniz şeylər o qədər çox deyil. Burda ən məşhur məhsullar kaşar pendiri və qravyer pendiri sayılır. Amma bunların da xatirəsi yeyib bitirənə qədərdir. Azərbaycanlılar üçün ekoloji təmiz məhsullar əlçatmaz olmadığından təmiz bal, əvəlik, yaxud hansısa bitkilər, otlar da məni o qədər də cəlb etmədi. Buna görə düşünürəm ki, Qarsdan ən dəyərli hədiyyə sizə qalan xatirələr və tanıdığınız insanlar, yeni dostlardır. Mən bu baxımdan səfərimi çox məhsuldar sayıram. Artıq Qarsa getmək arzuma çatdım. İndi isə yeni arzum var: Qarsa yenidən getmək...